“Monitorinq Komitəsinin rolu sülhdən sonra daha da önəmli əhəmiyyət kəsb edir”.
APA-nın Avropa bürosunun verdiyi xəbərə görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
O qeyd edib ki, Azərbaycan nümayəndə heyəti ilk dəfə 20 il öncə burada Azərbaycan bayrağını dalğalandırıb:
“Biz o zaman bu quruma öz ağrılarımız ilə gəlmişdik və biz hər zaman öz torpaqlarımızda Avropa Şurası dəyərlərinə sadiq qalaraq ədaləti bərpa etmək istəyirdik. Mən çox qürurla deyə bilərəm ki, bu gün biz buraya öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan nümayəndə heyəti olaraq gəlmişik”.
S.Seyidov bildirib ki, Monitorinq Komitəsinin rolu sülhdən sonra daha əhəmiyyətli bir hal daşıyır:
“Çünki bu gün biz müharibə yox, sülh haqqında danışırq. Biz etimadın yaradılması, yeni atmosferin yaradılması, Avropa Şurası dəyərlərini öz regionumuzda tətbiq etmək tədbirləri barəsində düşünməliyik. Təəssüf ki, burada bəzi qrup insanlar sülh prosesinə kölgə salmaq istəyir. Mən AŞPA-dakı həmkarlarımı qərəzsiz olmağa çağırıram. Biz bundan öncə dəfələrlə bunun pozulduğunu, tərəf tutulduğunu görmüşük. Biz ancaq balans qorunarsa, iki ölkə arasında körpü qura bilərik. Bu, çox vacibdir”.