Avropa Şurası parlament Assambleyası tərəfindən ötən gün qəbul edilən sənədlər Azərbaycanın bu qurumdakı fəaliyyətinə heç bir məhdudiyyət yaratmayacaq.
Türk.az xəbər verir ki, bu sözləri millət vəkili Səməd Seyidov keçirdiyi mətbuat konfransında deyib.
S.Seyidov bildirib ki, bundan sonra Azərbaycan AŞPA-da işini daha yüksək səviyyədə davam etdirəcək:
“Bizim Avropa Şurasında əsas işimiz sözümüzü demək və sənədləri təqdim etməkdir. Son qərar bizim nə söz demək, nə də sənədləri təqdim etməyimizə məhdudiyyət yarada bilər. Bu yalnız seçki missiyalarında iştirak, hər hansı ölkə ilə bağlı məruzəçi kimi çıxışa mane yaradır. Lakin Azərbaycanın Avropa Şurasına çatdırmasına heç bir məhdudiyyət yaratmır. Əksinə bundan sonra fəaliyyətimizi daha yüksək səviyyədə davam etdirəcəyik”.
S.Seyidov onu da vurğulayıb ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyən şəxslərin sanksiyalara məruz qalması narahatlıq doğurur:
“Sanksiyalara məruz qalanların əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü tanyan, bir neçə təşkilatın Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərin azad olunmasını qaldıran insanlardır. Bu məni narahat edən əsas məsələdir. Əsas məsələ milli maraqların qorunmasıdır. Milli maraqlara heç kim mane ola bilməz. Avropa Şurası bir daha təşkilatda böyük böhran, ikili standartları göstərmiş oldu”.
S.Seyidov onu da vurğulayıb ki, Azərbaycana qarşı sanksiyaların kökündə Avropa Şurasında bir il əvvəl yaradılan istintaq qrupuna etiraz edilməsi durur:
“İlk fikrimizdən bu komissiya ilə bağlı rəyimiz mənfi oldu. Həmin istintaq qrupu işini yekunlaşdırandan sonra 200 səhifəlik sənəd Azərbaycanla bağlı oldu. Bu da bizim fikrimizdə yanılmadığımızı göstərdi. Biz Avropa Şurası Parlament Assambleyasının fəaliyyətinə etiraz etmişdik. Azərbaycanla bağlı sənədlər mənfi, Ermənistanla bağlı sənədlər isə müsbət idi”.