Dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 20-də saat 21:05 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad-Yardımlı avtomobil yolunda Buravar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində iki nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.
Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “Dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət göstərib, baş leytenant Allahverdi İsmayılova bıçaqla xəsarət yetirib. Buna baxmayaraq, sərhədçi zabit şücaət nümayiş etdirib, cinayətkarı tərk-silah edərək saxlayıb.
Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Elşən Dövlət oğlu olması müəyyənləşdirilib. Əraziyə atılmış bağlamaya baxış zamanı içərisində 1 kiloqram 125 qram marixuana, 1 kiloqram 10 qram tiryək və 450 qram heroin narkotik vasitə aşkarlanaraq götürülüb.
İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış digər şəxsin saxlanılması istiqamətində təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri həyata keçirilib, ərazi dərhal qapadılaraq ətrafda axtarış aparılıb. Nəticədə hadisə yerindən qaçmış şəxs Cəlilabad rayonunun Buravar kəndinin yaxınlığında saxlanılıb. Həmin şəxsin 1979-cu il təvəllüdlü Naxçıvan Muxtar Respublikası, Babək rayon sakini Quliyev Samir Vidadi oğlu olması müəyyənləşdirilib. Avtomobilin içərisindən 55 qram tiryək və şəxsi əşyalar aşkarlanaraq götürülüb.
Fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.