Səudiyyə Ərəbistanı koronavirusun yayılması təhlükəsi ilə əlaqədar 22 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşlarına turist vizalarının verilməsini dayandırıb.
“Report” “sputniknews.kz” portalına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi (QMRİ) məlumat yayıb.
“Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin məlumatına görə, 22 ölkənin vətəndaşları üçün turist vizalarının verilməsi müvəqqəti olaraq dayandırılır. Bunlar Çin, İran, İtaliya, Koreya, Yaponiya, Tailand, Malayziya, İndoneziya, Pakistan, Əfqanıstan, İraq, Filippin, Sinqapur, Hindistan, Livan, Suriya, Yəmən, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Somali, Vyetnamdır”, – QMRİ-dən bildirilib.
Koronavirusla bağlı vəziyyətdən əvvəl Səudiyyə Ərəbistanı 49 ölkədən olan istənilən inanca sahib əcnəbinin krallıqdakı hava limanlarında və ya elektron şəkildə turist vizası almasına icazə verirdi. Çoxsaylı giriş vizası bir səfərdə 90 gündən çox olmamaq şərti ilə Ərəbistanda qalmaq imkanı yaradırdı.
Xatırladaq ki, daha əvvəl krallıq koronavirusun qeydə alındığı və daha da yayılması riski olan ölkələrin vətəndaşları – zəvvarları üçün ümrə məqsədi ilə turist vizalarının verilməsini də müvəqqəti qadağan etmişdi.