“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi “Şimal regionunda ictimai şuraların ictimai iştirakçılıqda rolu və ictimai mexanizimlərin təkmilləşməsinin birgə müzakirəsi” adlı layihəsi çərçivəsində dəyirmi masalarını davam etdirir. Bu gün Şabran rayonunun Mədəniyyət Mərkəzində növbəti Dəyirmi Masa baş tutub.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbiri Şabran rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əhmədov açaraq qonaqları salamlayıb, Dəyirmi Masanın mövzusu barədə qısa məlumat verdikdən sonra sözü sahə üzrə ekspert Şaban Nəsirova verib.
Şaban Nəsirov hökumətin ictimai iştirakçılığın genişləndirilməsində maraqlı olduğunu, bununla bağlı müvafiq qanunun qəbul olunduğunu xatırladıb: “Məlumdur ki, ictimai şuralar mərkəzi icra orqanlarının, dövlət qurumlarının, yerli özünüidaretmə orqanlarının yanında seçilə bilər. Mərkəzdə ictimai şura seçkilərində qeyri hökumət təşkilatları fəal şəkildə iştirak edir. Mən özüm də “Azəriqaz” yanında İctimai Şuranın sədr müaviniyəm. Kənardan bəlkə də ictimai şuraların fəaliyyəti zəif nəzərə çarpır, lakin burada təmsil olunduqda ictimai iştirakçılığın bu formasının nə qədər faydalı olduğu məlum olur. Bu forma vətəndaşların probleminin həllini tapmasında xüsusi rol oynayır. Eləcə də məmurla vətəndaş arasında körpü rolunu oynayır. Bəzi vətəndaşlar problemlərini müvafiq qurumların diqqətinə çatdırmaqda çətinlik çəkirlər, bunun yollarını bilmirlər, açığı desək, ərizə yazmağı bacarmayanlar da var. Bu baxımdan da ictimai şuraların üzərinə məsuliyyət düşür”.
Ekspert qeyd edib ki, indiki vəziyyətdə yerlərdəki ictimai şuraların başlıca vəzifəsi şəhid ailələri, müharibə qazilərinin problemlərinə həsas yanaşılmasıdır. Şaban Nəsirov eyni zamanda əlavə edib ki, ictimai şura təcrübəsi böyük olmadığından bu sahədə problem və çatışmazlığın olması təbiidir.
Şabran Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Namiq Cümşüdov şuranın fəaliyyətindən danışıb. Qeyd edib ki, şəhid ailələrinin problemləri qurumun diqqət mərkəzindədir. Onlar şəhid ailələri yaşayan küçələrin abadlaşdırılması istiqamətində müvafiq işlər görüblər.
İctimai Şuranın üzvü Aydın Tağıyev çıxışı zamanı təklif edib ki, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları kommunal qurumların qışa hazırlıqla bağlı vəziyyətləri ilə maraqlansınlar.
İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əhmədov bildirib ki, rayonun problemlərinin həllində icra hakimiyyətinn üzərinə böyük yük düşür. Qurumun yanında fəaliyyət göstərən, ictimai şura üzvlərinə tapşırılıb ki, kəndlərdə olan problemləri icra hakimiyyətinin diqqətinə çatdırılmasında yardımçı olsunlar. Problemlər sosial şəbəkə üzərində deyil, müvafiq qurumun qarşısında qaldırılsın.
İctimai Şuranın üzvü Məmmədova Şəfiqə bəzi şəhid ailələrinin kommunal borclarını ödəməkdə çətinlik çəkdiklərini bildirib və qeyd edib ki, ümumiyyətlə bu cür ailələrin kommunal ödəmələrdən azad edilməsi məqsədəuyğun olar.
Şaban Nəsirov da bu məsələnin aktual olduğunu qeyd edib və əlavə edib ki, bu cür problemlərin həlli qanunla kommunal qurumların üzərinə düşmür. Bunun üçün Milli Məclisdə məsələ qaldırılmalıdır. Amma yerlərdə fəaliyyət göstərən qurumların nümayəndələri fərdi olaraq bu məsələyə həssas yanaşa bilərlər.
Tədbir zamanı bir sıra problemlər qaldırılıb, icra hakimiyyəti yanında İctimai Şuranın üzvləri verilən sualları cavablandırıblar.