21.08.2019-cu il tarixində Siyazən rayon Mədəniyyət mərkəzində “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi AR-nın Prezidenti yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının Maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın dənizkənarı çimərliklərində ekosistemin və infrastrükturun monitorinqinin təşkili və maarifləndirmənin aparılması” layihəsi çərçivəsində dəyirmi masa keçirmişdir. Dəyirmi masada rayon mədəniyyət mərkəzinin, MKS-nın, bələdiyyə, GEM-nin,qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Dəyirmi masanı giriş sözü ilə Siyazən rayon Mədəniyyət mərkəzinin direktoru Ziyafət xanım Dadaşova açmış, qonaqları salamlayaraq layihə haqqında qısa məlumat vermişdir. Sonra mövzu barəsində danışmaq üçün sözü “Sağlam həyata doğru” EİB nin sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova vermişdir.
S.Həsənov çıxış edərək qeyd etmişdir ki, təşkilat tərəfindən Bakı şəhərinin və regionların çimərlik ekosistemlərində ekoloji və infrastrükturun vəziyyəti araşdırılmış və son dövrlərdə yeni ictimai çimərliklərin yaradılmasının təqdirəlayiq olduğunu qeyd etmişdir. Çimərliklər əhalinin bütün təbəqələri üçün bir dincəlmək yeri olduğundan bu yerlərdə müvafiq standartlara və qaydalara riayət edilməli, infrastrüktur yaradılmalıdır. Yeni yaradılan çimərliklərdə bu standartlar təmamilə nəzərdə tutulmuşdur, lakin vətəndaşlarımız çimərliklərdə olarkən təmizliyə riayət etməli və artıq tullantıları əraziyə atmamalıdır. Çimərliklərdə artıq tullantıların yaranması dənizin çirklənməsinə, landşaftın korlanmasına, üzvi kimyəvi tullantıların metobolik prosesləri nəticəsində atmosferi havasının çirklənməsinə səbəb olur.
Məruzəçi qeyd etdi ki, son dövrlərdə çimərliklərə diqqət artmış və ictimai fəal insanlar tərəfindən müəyyən təmizlik aksiyaları keçirilir və Xəzər dənizinin bu unikal ekosisteminin vəziyyətinin yaxşılaşdırılması üçün hər birimiz imkanlarımızdan istifadə etməliyik.
Tədbirdə iştirak edən ETSN-nin 5 saylı Ərazi və regional idarəsinin məsləhətçi müfəttişi Elnur Mirzəyev Siyazən və Şabran rayonlarında çimərliklərdə vəziyyət və aparılan monitorinqlər barədə çıxış edərək bildirdi ki, dəniz kənarı obyektlər daima yoxlanılaraq çirklənmənin qarşısının alınması üçün qanunvericilik çərçivəsində tədbirlər həyata keçirilir. Xəzər dənizinin çirklənməsinin qarşısının alınması, çimərliklərdə təmizliyin saxlanması üçün tez -tez təmizlik aksiyaları təşkil olunur və çimərliklərdə olanlarda bu prosesdə iştirak edirlər.
Tədbirdə həmçinin Siyazən rayon Gənclər və İdman idarəsindən Nuran Nurullayev çıxış edərək rayonda olan çimərliklərdə vəziyyət barədə məlumat verdi və ümumiyyətlə Siyazən rayonunda ətraf mühitin vəziyyəti ilə bağlı bir sıra təkliflər verdi. Təkliflər əsasən rayonda yaşıllıqların artırılması, emal müəsisələrinin tikilməsi və digər problemləri əhatə edirdi. Tədbirdə Vüsal Həsənli, Xanım Mikayılova çıxış etdilər. Ətraf mühit prolemləri ilə bağlı sual-cavab hissəsindən sonra tədbir yekunlaşdı.
22.08.2019-cu il tarixində Şabran rayonunun H.Əliyev adına mərkəzində ”Sağlam həyata doğru” EİB-yi “Azərbaycanın dənizkənarı çimərliklərində ekosistemin və infrastrükturun monitorinqinin təşkili və maarifləndirmənin aparılması” layihəsinin davamı olaraq rayonunun rayon icra hakimiyyətinin, MKS-nın, bələdiyyə, GEM-nin, təhsil və ictimaiyyət nümayəndələri iştirakı ilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Şabran RİH-nin nümayəndəsi Fərid Muradzadə açmış, qonaqları salamlayaraq Şabran rayonunda olan çimərlik sahələrində vəziyyət barədə qısa məlumat vermişdir. Sonra mövzu barəsində danışmaq üçün sözü təşkilatın sədri və layihənin eksperti Sadiq Həsənova vermişdir.
S.Həsənov çıxış edərək qeyd etmişdir ki, layihə çərçivəsində Bakı şəhərinin Şıx və Hövsan çimərliklərində aparılan monitorinqlər zamanı çimərliklərdə ekoloji və sanitariya vəziyyəti araşdırılmışdır. Dəniz sahili çimərliklərdə əhalinin bütün təbəqələri, varlılar, orta təbəqə və eyni zamanda az təminatlı ailələr istifadə edir və bu yerlər yay mövsümündə əhalinin dincəlmək üçün ən çox istifadə etdiyi yerlərdir. Son dövrlərdə çimərliklərə tələblər artmış və müəyyən standartlar, eyni zamanda davranış qaydaları barədə maarifləndirmə tədbirləri genişləndirilmişdir. Məruzəçi on-on beş il bundan əvvəl vəziyyətin daha acınacaqlı olduğunu qeyd etdi.
Çimərliklərdə tez-tez təmizlik aksiyaları keçirilməsi və insanlarımızın bu aksiyalara qoşulması təqdirə layiqdir. Çimərliklərdən istifadə edən vətəndaşlarımız bilməlidirlər ki, tullantının qum üzərində saxlanılıb oranı tərk etməklə dənizin çirklənməsinə, landşaftın korlanmasına, üzvi kimyəvi tullantıların metobolik prosesləri nəticəsində atmosferi çirklənməsinə səbəb olur. Sonra S.Həsənov dünyada çimərliklərlə bağlı qaydalar barədə və çimərliklərin vəziyyəti barədə şəkilləri təqdim edərək geniş məlumat verdi.
Tədbirdə çimərliklərdə təmizlik aksiyası və bu aksiyanın əhəmiyyəti barədə 3 dəqiqəlik video-rolik təqdim olundu. Video-rolik AB-nin Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunan və Şıx çimərliyində gənclərin keçirdiyi təmizlik aksiyası və bu aksiyanın əhəmiyyəti barədə idi.
Tədbirdə iştirak edən H.Əliyev mərkəzinin işçisi tarix elmləri üzrə fəlsəfə doktoru Təhminə xanım Əliyeva çıxış edərək ətraf mühitin mühafizəsi ilə bağlı təkliflərini təqdim etdi.
Tədbirdə iştirak edən ETSN-nin regional məsləhətçi müfəttişi Elnur Mirzəyev Şabran rayonu ərazisində təxminən 50 ha ərazidə yeni tullantı emalı zavodunun layihə smeta sənədləri hazırlanır və yaxın zamanlarda inşasına başlanılacaq. Bu layihə hazır olduqdan sonra region üzrə tullantıların daşınması və emalı üzrə problemin təmamilə müasir səviyyədə həllini tapmasına köməklik göstərəcəkdir. Tədbirdə Şabran rayon H.Əliyev Mərkəzinin rəhbəri Təvəkkül Əliyev çıxış edərək rayonda çimərliklər, ümumiyyətlə ətraf mühitin mühafizəsi ilə bağlı görülən tədbirlərdən danışdı. Hər iki tədbirin sonunda çay-kofe kompaniyası təşkil olunaraq müzakirələr davam etdirildi.