Ermənistanın işğalından azad edilən Ağdam rayonundakı Şahbulaq qalasında Azərbaycan bayrağı ucaldılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Şahbulaq qalası Ağdam şəhərinin 10 kilometrliyində yerləşir. Qarabağ xanlığının banisi Pənahəli xan XVIII əsrdə “Şah bulağı” adı ilə məşhur olan bulağın yanında bir qəsr kompleksi, daş və əhəngdən məscidlər, evlər, bazar və hamamlar tikdirib. İnşası 1751-1752-ci illərdə tamamlanmış bu kompleksdən indiyə bulaq yanındakı təpə üzərində ucalan qala və məscid binası qalıb. Qəsr adını gur sulu bulağın adından alıb. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin iç qalası olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib.