Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Oman Sultanlığının Şura Məclisinin sədri Şeyx Xalid İbn Hilal Əl-Muavvali ilə görüşüb.
“Report” xəbər verir ki, Sahibə Qafarova xalqlarımız arasında mövcud olan ortaq dini və mədəni dəyərlərin ölkələrimiz arasında münasibətlərin inkişafı üçün möhkəm zəmin yaratdığını deyib. Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlərin daha da inkişafı üçün yaxşı imkanlar mövcuddur.
Milli Məclisin sədri parlament diplomatiyasının dövlətlərarası münasibətlərin inkişafında oynadığı rolu qeyd edərək, qanunverici orqanlarımız arasında əlaqələrin dərinləşdirilməsi imkanları barədə də danışıb. O, parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və birgə fəaliyyətinin hər iki tərəfin maraqlarına cavab verdiyini vurğulayıb.
Görüşdə müasir dövrdə dünyada mövcud olan ikili standartlar, islamofobiya meylləri tənqid olunub. S.Qafarova Azərbaycan torpaqlarının 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanıldığını, bu illər ərzində Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz işğaldan azad olunmasına dair beynəlxalq qətnamələrin icra olunmadığını, 2020-ci ildə ölkəmizin öz gücü hesabına torpaqlarını işğaldan azad etdiyini diqqətə çatdırıb. O, işğaldan azad olunmuş ərazilərimizdə hazırda həyata keçirilən bərpa və quruculuq işləri haqqında da məlumat verib.
Oman Sultanlığının Şura Məclisinin sədri Azərbaycana ilk dəfədir səfər etdiyini və paytaxt Bakının nümayəndə heyətində xoş təəssüratlar yaratdığını diqqətə çatdırıb. Qonaq ölkələrimiz arasında mövcud olan müsbət siyasi əlaqələrin münasibətlərin bir çox sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığını, o cümlədən ticarət dövriyyəsinin artırılması, turizm əlaqələrinin daha da inkişafı və digər mövzularla bağlı fikirlərini bölüşüb. O, həmçinin parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.