Salyan dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın  Türk.az-a verdiyi məlumata görə,Salyan dəmir yolu qovşağının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib. 

Təlim Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları”na və “Azərbaycan Dəmir Yolları” QSC-nin 2018-ci il üçün mülki müdafiə tədbirlər planına müvafiq olaraq təşkil edilib.

Məqsəd fövqəladə hal baş verdikdə xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması üçün şəxsi heyətə praktik vərdişlərin aşılanmasıdır.

Təlim zamanı komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına xüsusi diqqət yetirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sədri yanında  hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin təşkilatçılığı ilə keçirilən təlimə qovşağın Fövqəladə Hallar Komissiyasının üzvləri, obyekt rəhbərləri və mülki müdafiə qüvvələri cəlb edilib.

Qovşağın mülki müdafiə qüvvələri şərti olaraq, fövqəladə hal baş verən ərazinin mühafizəsi, sahəyə giriş-çıxışın məhdudlaşdırılması, baş verən yanğının söndürülməsi, rabitənin bərpası ilə bağlı tapşırıqları yerinə yetiriblər.

Təlim iştirakçıları kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış xilasetmə, zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi, epidemiya və epizootiyaya qarşı mübarizə tədbirlərini, eləcə də insanların təhlükəsiz ərazilərə təxliyəsini həyata keçiriblər.

Salyan qovşağının ərazisində keçirilən kompleks təlim, həyəcan siqnalının verilməsi ilə başlayıb. Rəhbər işçilər qovşaq mülki müdafiə rəhbərinin yanında toplanıblar. Qovşaq rəhbəri, stansiyasının rəisi Səxavət İlyasov məlumat verib ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində  elektrik naqilindən düşən qığılcımdan yanğın baş verib, uçqunlar olub. Dağıntılar altında qalanlar, ölənlər və yanğından zərər çəkənlər, eləcə də xəsarət alanlar var.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün təlim rəhbərinin verdiyi tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib. Kəşfiyyat manqaları nəticələr barədə mülki müdafiə rəhbərinə məruzə edib, rabitə müvəqqəti bərpa edilib. Yanğından mühafizə qatarı yanğın ocaqlarını  söndürüb, xilasetmə manqaları yaralılara ilkin tibbi yardım göstərib və ərazidən kənarlaşdırılıb. Bərpa manqaları bərpa işlərinə başlayıb.

Təlimdən sonra keçirilən müşavirədə Fövqəladə hallar və mülki müdafiə işləri üzrə texniki müfəttiş İsa Xudiyevin iştirakı ilə mülki müdafiə  qüvvələrinin hazırlıq vəziyyəti təhlil edilib.

ƏvvəlkiAntalyada TürkPA-ya üzv ölkələrin parlament sədrlərinin görüşü keçirilib
NövbətiƏn yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu