Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “İ2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində 29-31 avqust tarixlərində Şamaxıda “İnnocamp” innovasiya yay düşərgəsi təşkil olunacaq.
Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək düşərgədə cari ildə Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Sumqayıt, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay və Tovuz şəhərlərində baş tutmuş startap turlarının finalçıları iştirak edəcəklər. 18 komandanı təmsil edəcək 54 tələbə üçün marketinq, dizayn və təqdimatların hazırlanması üzrə təlimlər keçiriləcək. Onlara startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat veriləcək.
Təlim, master klas və vorkşoplardan ibarət proqramın əsas hissəsi Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının ərazisində baş tutacaq. Təlimlərdən sonra startapçılar öz layihələrini təqdim edəcək və milli finala vəsiqə qazananlar müəyyən olunacaq.
Qeyd edək ki, milli finalda ümumrespublika üzrə I, II və III yerlərin qalibləri müəyyənləşəcək və onlara ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.
“İnnocamp” çərçivəsində dövlət qurumlarının, 15 inkubasiya mərkəzinin, 4 texnoparkın, eləcə də bir sıra nüfuzlu İKT şirkətlərinin nümayəndələrinin və akseleratorların iştirakı ilə dəyirmi masalar təşkil olunacaq. Əsas məqsəd bu sahədə bilik mübadiləsi və ümumi ekosistemin formalaşdırılmasının müzakirə edilməsidir.
Düşərgədə təlimlər, vorkşoplar və müzakirələrlə yanaşı iştirakçılar üçün əyləncə proqramı da nəzərdə tutulub.
Xatırladaq ki, “İ2B-İdeyadan Biznesə” layihəsi ölkəmizdə startap hərəkatının formalaşdırılması, gənclərin biznes ideyalarına dəstək verilməsi, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi, innovativ ideyaların reallaşdırılması, eyni zamanda regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılması ənənələrinin formalaşdırılması məqsədilə həyata keçirilir.