Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük savxozu ərazisində fiziki şəxs Həsənov Röyal Allahverdi oğluna məxsus süd məhsullarının istehsalı sexində yoxlama keçirib.
AQTA-dan “Report”a verilən məlumata görə, müəssisədə qida təhlükəsizliyinə dair tələblərin yerinə yetirilmədiyi və kərə yağı istehsalında istehlakçı hüquqlarının kobud şəkildə pozulmasına yol verildiyi məlum olub.
Belə ki, kərə yağı adı altında istehsal olunan və satışa çıxarılan yağların istehsalı zamanı baytarlıq ekspertizasından keçirilməyən (mənşəyi məlum olmayan) südün tərkibindəki təbii yağ separator vasitəsilə kənarlaşdırılaraq əvəzində bitki mənşəli yağ əlavə edilir. Müəyyən müddət soyuducuda saxlanıldıqdan sonra isə kustar üsullarla nehrə aparatına ötürülür və saxta kərə yağı istehsal olunur. Yağ polietilen paketlərə qablaşdırılaraq üzərinə heç bir etiket məlumatları qeyd edilmir.
Qanunvericiliyin tələbləri çərçivəsində sexin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.