Fevralın 9-da keçiriləcək VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə deputatlığa namizədi Naqif Həmzəyevin təbliğat-təşviqat kampaniyası yüksək fəallıqla davam edir. Kampaniya çərçivəsində Təbliğat qrupunun könüllü gəncləri “Daha güclü Azərbaycan naminə!” təşviqat aksiyası keçirib.
Xoş əhval-ruhiyyə ilə aksiyaya qoşulan gənclər seçki dairəsinin əhatə etdiyi ərazilərdə, çoxmərtəbəli binaların həyətlərində YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış, YAP tərəfindən irəli sürülmüş namizədin seçki proqramını, seçkiqabağı platformasını əks etdirən bukletləri, Naqif Həmzəyevin tərcümeyi-halını və digər təbliğat-təşviqat materiallarını seçicilərə paylayıblar.
Aksiya iştirakçıları həmçinin bukletlə tanış olan seçicilərə son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, qazanılan uğurlardan bəhs edib, onları 9 fevral Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Bukletlər və digər təbliğat-təşviqat materialları ilə yaxından tanış olan seçicilər qarşıdan gələn seçkilərdə dünənin, bu günün və parlaq gələcəyimizin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədi Naqif Həmzəyevə səs verəcəklərini bildiriblər.