Sentyabrın 27-dən Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində dəyən ziyanın araşdırılması üçün 11 işçi qrupu yaradılıb

Noyabrın 6-da Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.

AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə hücumları nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasına həsr olunmuş brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Dəymiş ziyanla bağlı məlumat bazasının yaradılacağını qeyd edən İbrahim Məmmədov deyib: “Prezidentin sərəncamına əsasən, proses şəffaf olmalıdır. Beynəlxalq ictimaiyyət və xalqımız bununla bağlı davamlı məlumatlandırılacaq, bu brifinq də bu məqsədə xidmət edir”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, artıq Dövlət Komissiyasının işçi qrupları yaradılıb. Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli və Cəbrayıl, Goranboy və Naftalan, Gəncə, Mingəçevir rayon və şəhərləri üzrə 11 işçi qrupu yaradılıb. Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq 3 işçi qrupu formalaşdırılıb.

“Ermənistanın təcavüzü nəticəsində ziyan dəymiş obyektlər arasında fərdi yaşayış evləri, yardımçı tiklilər, çoxmənzilli yaşayış evləri, istehsal, ictimai-iaşə obyektləri, məscidlər və kilsələr, tarixi abidələr, su təchizat obyektləri və tələf olmuş mal-qara var”, – deyən İbrahim Məmmədov diqqətə çatdırıb ki, dəymiş ziyan qısa müddətdə araşdırılacaq və nəticələr dövlətimizin başçısına təqdim olunacaq.

 

ƏvvəlkiTÜRKSOY-un Baş katibi qələbə münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik edib
NövbətiBakı küçələrində növbəti dəfə dezinfeksiya işləri görülür