Mayın 27-də Seulda Cənubi Koreya Prezidenti Yun Sok Yol, Çinin Baş naziri Li Çian və Yaponiyanın Baş naziri Fumio Kişidanın üçtərəfli toplantısı keçirilir.
AZƏRTAC xəbər verir ki, bu, Asiyanın 3 ölkəsinin liderlərinin 2019-cu ilin dekabrından sonra ilk birgə toplantısıdır. Tərəflər iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi, səhiyyə, elm və texnologiya, təbii fəlakətlə mübarizə sahələri üzrə əməkdaşlıq və xalqlar arasında mübadilə məsələləri müzakirə ediblər. Görüşdə 2025-ci və 2026-cı illəri Çin-Yaponiya-Cənubi Koreya mədəni mübadilə illəri elan ediblər.
Medianın məlumatına görə, görüşdə regional və beynəlxalq məsələlər də gündəmdə olub. Toplantının yekununda birgə bəyanatın qəbul edilməsi gözlənilir. Liderlər hər 3 ölkənin iş adamlarının iştirakı ilə təşkil olunacaq biznes forumda da iştirak edəcəklər.
Mayın 26-da isə ikitərəfli görüşlər keçirilib.
Qeyd edək ki, Asiyanın iqtisadi cəhətdən iri ölkələrindən olan Çin, Yaponiya və Cənubi Koreya arasında iqtisadi-ticari əməkdaşlıq kifayət qədər geniş olsa da, siyasi baxımdan tərəflər arasında narazılıqlar var. Çin həm Cənubi Koreyanın, həm də Yaponiyanın ticarət tərəfdaşı, Tokio və Seulun siyasi, hətta hərbi baxımdan müttəfiqləri isə ABŞ-dır. Bundan başqa, Seul və Tokio Çindən nüvə-raket fəaliyyətinin dayandırılması işində yaxın münasibətləri olan Şimali Koreyaya təzyiq göstərməsini istəyir. Pekin isə Cənubi Koreya və Yaponiya vasitəsilə ABŞ başda olmaqla Qərb blokunun regionda hərbi iştirakının çoxalmasının əleyhinədir.