“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Türk.az-a verdiyi məlumata görə,Koreyanın paytaxtı Seul şəhərində keçirilən DYƏT Baş Direktorlar Konfransının XXXIV iclası çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bir sıra ikitərəfli görüşlər keçirib.
“Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Sauat Mınbayevlə keçirilən görüşdə çıxış edən Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, ikitərəfli əməkdaşlığln genişləndirilməsi istiqamətində görülən işlər, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensialın mövcud olduğu haqqında danışıb.
Görüşdə Azərbaycan və Qazaxıstan dəmir yolları arasında yük daşınması həcminin artırılması məsələləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub.
“Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Sauat Mınbayev çıxış edərək Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivləri haqqında danışıb.
Daha bir görüş “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla Cin Dəmir Yolları baş direktorunun müavini Lyu Çjenfan arasında kecirilib.
Görüşdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, Çinin “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında BTNM-in əhəmiyyəti haqında müzakirələr aparılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafında mühüm önəm kəsb edir Anlaşma Memorandumu” imzalanıb. Çinin “Bir kəmər-bir yol” təşəbbüsünün reallaşmasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun əhəmiyyəti böyükdür. Bu dəhlizin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə ilk dəstək verən ölkələrdəndir.
Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və Azərbaycandan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin “Bir Kəmər – Bir yol” təşəbbüsü ilə uzlaşır.
Sonra Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, o cümlədən beynəlxalq nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan tərəfi Çinin “Bir kəmər-bir yol” strategiyasının istiqamətlərindən olan və tarixi İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər.
Cin Dəmir Yolları baş direktorunun müavini Lyu Çjenfan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verdiyinə görə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla minnnətdarlıq edib.