Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti Belçika Krallığında səfərdədir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti Belçika Krallığında səfərdədir.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti Belçika Kralı Filipin ali himayəsi və Avropa İnkişaf və Araşdırmalar Akademiyası (EDARA), ICESCO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində keçirilən tədbirlərdə iştirak edir.

Martın 6-da şeyxülislam A.Paşazadə Avropa Parlamentində yüksəksəviyyəli dəyirmi masada iştirak edib. Avropa və İslam dünyası arasında dinlər və sivilizasiyalararası əlaqələrin dərinləşməsinə xidmət edən bu təşəbbüs çərçivəsində baş tutan tədbirdə Avropa Parlamentinin nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatları Cavanşir Paşazadə və Qüdrət Həsənquliyev, Azərbaycandakı dini konfessiyaların rəhbərləri – Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Azərbaycandakı Katolik icmasının rəhbəri, Roma Katolik Kilsəsinin Apostol prefekti Yepiskop Vladimir Fekete və Alban-Udi icmasının başçısı Robert Mobili iştirak ediblər.

QMİ sədri şeyxülislam A. Paşazadə dəyirmi masada çıxış edib, multikultural dəyərlər ölkəsi Azərbaycan adından xalqımızın, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xeyir-dualarını yetirməkdən şərəf duyduğunu bildirib: “Avropanın siyasi mərkəzi Brüsseldə bugünkü görüşümüzün ərsəyə gəlməsi olduqca əhəmiyyətli hadisə olub, sivilizasiyalar, dinlər və mədəniyyətlərarası əlaqələrin dərinləşməsinə real töhfə baxımından tarixi əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, Belçikada 2025-ci ilin “İslam Dünyası İli” olaraq qeyd olunması ümumbəşəri əhəmiyyət kəsb edir və Avropa İttifaqı tərəfindən dinlərarası dialoq prosesinə vacib siyasi dəstəkdir. Belçika Kralı Filipin bu nəcib təşəbbüsünü olduqca yüksək qiymətləndirir, örnək addım olaraq bütün Avropa və dünya miqyasında davamlı olmasını diləyirik”.

Azərbaycanın bəşəri insan həmrəyliyinə xidmət edən bütün beynəlxalq səyləri hər zaman dəstəklədiyini bildirən şeyxülislam A.Paşazadə deyib: “Qürur duyuruq ki, Avropada “2025 İslam Dünyası İli” çərçivəsində ilk mötəbər tədbirə məhz Azərbaycan təmsilçilərini dəvət etmisiniz. Bu, Azərbaycan dövlətinə, onun multikultural irsinə, birgəyaşayış təcrübəsinə verilən böyük dəyərdir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi dünyada insan həmrəyliyinə xidmət edir. Biz bugünkü tədbirə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ilə birgə təşrif buyurmuşuq. Bu, Azərbaycan dövlətinin multikultural ənənəsi, bizim həyat tərzimizdir. Dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq baxımından Azərbaycanın uğurlu birgəyaşayış modeli bütün dünya üçün örnək ola bilər. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, maddi-mənəvi qayğı və himayəsini eyni dərəcədə üzərilərində hiss edirlər. Məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar sərbəst fəaliyyət göstərir. Mühüm olan odur ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir”.

Şeyxülislam A.Paşazadə çıxışında Azərbaycanın multikultural həyat modelinin əhəmiyyətini vurğulayıb: “Bütün səmavi dinlər, o cümlədən İslam dini, onun müqəddəs kitabı “Qurani-Kərim” insan həmrəyliyinə, bütün səmavi dinlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq fəlsəfəsinə böyük önəm verir. Beləliklə, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, dinindən və məzhəbindən asılı olmayaraq birgəyaşayış sahəsində tarixi təcrübəyə malik Azərbaycan dövləti öz multikultural, harmoniyalı cəmiyyət quruculuğu sahəsində örnək modelini bütün dünyaya təqdim edir”.

Azərbaycanın işğal əsarətindən qurtardığı torpaqlarda gedən genişmiqyaslı quruculuq işləri barədə danışan şeyxülislam A.Paşazadə bütün dinlərə məxsus məbədlərin dövlətimiz tərəfindən bərpa edildiyini diqqətə çatdıraraq deyib: “Təəssüf ki, Azərbaycanı gözü götürməyən qüvvələr ölkəmizə qarşı qarayaxma kampaniyalarında tolerant ənənələrə malik xalqımıza böhtanlar yağdırır, xristian həmrəyliyindən sui-istifadə edərək ikili standartlara yol verir, Azərbaycanı “günahlandırmağa” çalışırlar. Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, monoetnik Ermənistanda revanşizm ideyalarının önündə gedən erməni kilsəsinin beynəlxalq müstəvidə Azərbaycana qarşı apardığı qarayaxma kampaniyaları, əsassız, qərəzli ittihamları davam etməkdədir. Mən sizin hamınız BMT qətnamələrinə uyğun olaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycana səfər edib, 30 illik işğal dövründə yandırılmış torpaqlarımız, törədilmiş dağıntı, vandalizm əməllərinin nəticələri, dağıdılmış, həqarət olunmuş məscidlər və məbədlər, yer üzündən silinmiş kənd və şəhərlərimizlə yerindəcə tanış olmağa dəvət edirəm”.

Dünyada, o cümlədən Avropanın bəzi ölkələrində yayılan nifrət nitqlərinin, çağırışlarının tolerantlıq, multikulturalizmə ən böyük təhlükə olduğunu xatırladan şeyxülislam A.Paşazadə milyonlarla insan üçün xüsusi həssaslıq kəsb edən dini hisslərin və müqəddəsliklərin təhqiri, din adından siyasi məqsədlər üçün sui-istifadə olunması kimi halların önlənməsi, ksenofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığının vacib olduğu məqamına diqqəti çəkib.

Tədbir çərçivəsində Avropa İttifaqı Parlamentinin üzvü, Asiya ölkələri ilə qrupun rəhbəri, Belçikanın səhiyyə naziri Volter Beke ilə görüş, habelə Belçika rəsmisinin, EDARA sədri Brahim Laytuss, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun iştirakı ilə proqram baş tutub. Proqramda şeyxülislam A. Paşazadə Azərbaycanın tolerantlıq modeli ilə bağlı nümunələrdən ətraflı bəhs edib.

Azərbaycan nümayəndə heyətinin Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirakı davam edir.

ƏvvəlkiMariya Zaxarova: Rusiyada Heydər Əliyevin xatirəsi böyük hörmətlə yad edilir
NövbətiGəncənin Şah Abbas və Hüseyniyyə məscidlərinin mövcud vəziyyəti ilə tanışlıq