Ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 6-da Füzuli Beynəlxalq Hava Limanına gəlib.
AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara hava limanı haqqında məlumat verib. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının ən müasir səviyyədə inşa olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.
Emin Hüseynov, həmçinin Füzulidə görülən və görüləcək işlər barədə slovakiyalı qonaqları məlumatlandırıb.
Qeyd olunub ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli şəhərində inşa edilən yaşayış məhəlləsi 8,9 hektar ərazini əhatə edir. Ərazidə 846 mənzildən ibarət 38 bina inşa olunacaq. Binalar 4, 5, 6 və 7 mərtəbəli olacaq. Mənzillərin 318-i ikiotaqlı, 430-u üçotaqlı, 98-i isə dördotaqlıdır. Bütün binalar yeraltı dayanacaqla və liftlə təmin olunacaq. Yaşayış məhəlləsində hər biri 950 kubmetr olan 2 su anbarının, qazanxananın, elektrik yarımstansiyasının da tikintisi nəzərdə tutulub. Binalar mərkəzləşmiş istilik sistemi ilə təchiz ediləcək. Tikinti işlərinin 2023-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Səfər iştirakçıları sonra Füzuli şəhərində erməni barbarlığının izləri ilə tanış olublar. Qonaqlara 30 illik işğal dövründə ermənilərin ölkəmizə qarşı törətdiyi cinayətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, ermənilər bütün evləri, sosial obyektləri dağıdıblar, təsərrüfatları məhv ediblər. Həmçinin ərazilərin Ermənistan tərəfindən minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib.
Qeyd edək ki, Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətinin sentyabrın 6-da, həmçinin Şuşaya və Ağdama səfəri də planlaşdırılır. Nümayəndə heyətini Milli Məclisin deputatı, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, Slovakiyanın ölkəmizdəki səfiri Milan Layçak və digər rəsmi şəxslər müşayiət ediblər.
Xatırladaq ki, bu, Boris Kolların cari ildə Azərbaycana ikinci səfəridir. Belə ki, o, mayın 17-də də ölkəmizə səfər edib. Bundan əvvəl isə ötən il iyunun 11-də Şuşa və Füzulidə olmuşdu.