Xəzərin Azərbaycan sektorunda yerləşən “Babək” perspektiv strukturunda axtarış-kəşfiyyat işlərinin sürətləndirmək məqsədilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xarici şirkətlərlə danışıqlar aparır.
“Report”un məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Forumunun ikinci günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qeyd olunan işlərin başlanılması üçün bu ilin mayın 10-da Fransanın “TotalEnergis” şirkəti ilə anlaşma memorandumu imzalanıb.
X. Yusifzadə həmçinin əlavə edib ki, əgər “Ümid” yatağının ehtiyatları 200 milyard kubmetr həcmindədirsə, “Babək” strukturunun ehtiyatları bundan iki dəfə çox ola bilər: “Ümumilikdə SOCAR-ın qarşısında “Ümid” və “Abşeron” yataqlarında qazma işlərinin intensivliyinin artırılması, “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl” və “Şəfəq Asiman” perspektiv strukturlarında aparılan axtarış-kəşfiyyat işlərinin nəticələrinin yenidən qiymətləndirilməsi, bu ərazilərdə yeni quyuların qazılması və bu layihələrin icrasının sürətləndirilməsi məsələləri durub”.
Qeyd edək ki, “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Dövlət Neft Şirkəti ilə “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə 2017-ciil yanvarın 12-də imzalanıb, mayın 2-də isə Milli Məclisdə təsdiq edilib.