Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) elan edilməsinə həsr olunmuş konfransda iştirak edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, iqlim dəyişmələri üzrə qlobal çağırışları nəzərə alan və ətraf mühitin mühafizəsini prioritet istiqamət kimi müəyyənləşdirən SOCAR OGDC xartiyasına qoşulduğunu elan edərək neft-qaz əməliyyatları zamanı ekoloji məsələlərə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirib.
Qeyd edək ki, OGDC xartiyası 2050-ci ilə qədər əməliyyatlarda xalis sıfra nail olma, 2030-cu ilə qədər “Upstream” seqmentində metan emissiyaları üzrə sıfır hədəfinə yaxınlaşma, 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfra endirilməsi kimi hədəfləri özündə əks etdirir.