Palçıq vulkanı yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, iyulun 4-ü axşam saatlarında dəniz istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar, daha əvvəl bildirildiyimiz kimi, şirkətin heç bir sənaye obyektinə zərər dəyməyib. Şirkətin bütün dəniz özülləri və sənaye obyektləri öz fəaliyyətini normal rejimdə davam etdirir.
Bununla belə, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilib. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 kilometr məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb.
Qeyd edək ki, neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxması müşahidə olunub.