“Ermənistanın 27 sentyabrda törətdiyi hərbi təxribata qarşı Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı silahlı qüvvələrimizin, eyni zamanda dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Hesab edirəm ki, estafetin diplomatlara ötürülməsi bu tarixi qələbənin siyasi müstəvidə davam etdirilməsinə xidmət edəcək”.
Bunu Milli Məclisin deputatı Soltan Məmmədov “Report”a açıqlamasında deyib. Onun sözlərinə görə, hərbi əməliyyatlarda Ermənistaın ordusuna, iqtisadiyyatına ciddi zərbə vurulub.
“Şübhəsiz ki, biz bir daha Ermənistandan nə qədər güclü olduğumuzu, torpaqlarımızı azad etməyə qadir dövlət olduğumuzu sübut edə bildik. Lakin düşünürəm ki, ən böyük nailiyyətlərimizdən biri həm də mənəvi-psixoloji müstəvidə əldə etdiyimiz uğurdur. Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylik, vətəndaşlarımızın qələbəyə inamı, əzmi, dövlətimizə və cənab Prezidentə dərin etimadı bu qələbəni şərtləndirən əsas amillər sırasındadır. Eyni zamanda, hərbi əməliyyatlar Ermənistan ordusuna da ciddi mənəvi-psixoloji zərbə oldu”.
Soltan Məmmədov qeyd edib ki, Moskvada baş tutan üçtərəfli görüş danışıqlar prosesinin tarixində yeni, əvvəlki dövrlərdən ciddi şəkildə fərqlənən səhifə açır. Deputat Azərbaycan Prezidentinin xalqa müraciətində səsləndirdiyi fikirləri xatırladaraq bildirib ki, artıq danışıqlar əvvəlki templə davam etməyəcək:
“Azərbaycan status-kvonu dəyişdi. Artıq yeni bir hərbi-siyasi reallıq var. Ermənistan da, həmsədrlər də bu yeni reallıqdan çıxış etməlidir. Aydın məsələdir ki, Azərbaycanın əldə etdiyi qələbə və faktiki hərbi üstünlüyü danışıqlar prosesinin məzmununu və formatını diktə edən əsas amil olacaq.”
Milli Məclisin deputatı bildirib ki, humanitar atəşkəs Ermənistanın indiki vəziyyətdə sonuncu şansıdır. İşğalçı ölkə bu şansı doğru dəyərləndirməli və münaqişənin həlli üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.