Şose velosipedi üzrə Azərbaycan kubokunun 1-ci mərhələsi başa çatıb.
Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) AZƏRTAC-a verilən məlumata görə, müxtəlif klub və cəmiyyətlərin 3 yaş kateqoriyası üzrə 60-a yaxın idmançısının iştirak etdiyi yarışın 2-ci günündə velosipedçilər qrup ötüşməsində ən güclüləri müəyyən ediblər.
On yeddi yaşadək qızların 32 kilometr məsafəyə mübarizəsi 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü Ayan Məmmədzadənin qələbəsi ilə başa çatıb. Oğlanlar arasında isə Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Ravi Rzayev birinci yeri tutub.
Gənc oğlanların 64 kilometr məsafəyə yarışında Respublika Olimpiya Velosiped Məktəbinin nümayəndəsi Kamran Mirzəxanov finiş xəttini birinci keçib. U23/Elit yaş kateqoriyasında Müdafiə Sənayesi Nazirliyi Velosiped Klubunun velosipedçisi Musa Mikayılzadə 64 kilometrlik məsafəni hamıdan tez qət edib. Dünya Velosiped Mərkəzinin üzvü Ayan Xankişiyeva isə U23/Elit yaş kateqoriyasında yarışan xanım velosipedçilər arasında çempionluq sevinci yaşayıb.
Mükafatlandırma mərasimində AzVİF-in prezidenti Mədət Quliyev, birinci vitse-prezident Sahib Ələkbərov, vitse-prezidentlər Robert Eyyubov, Fuad Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak ediblər. Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Velosipedçiləri təbrik edən M.Quliyev Azərbaycan kubokunun 1-ci mərhələsinin təşkilinə yaxından dəstək verən Gənclər və İdman Nazirliyinə və Daxili İşlər Nazirliyinə öz təşəkkürünü bildirib.
Azərbaycan kubokunun 2-ci mərhələsi fevralın 19-20-də keçiriləcək.