“Rusiya və Türkiyə prezidentlərinin Soçidə imzaladığı memorandum asanlıqla həyata keçirilmir, amma görürük ki, bu, sülhün bərqərar olması və Suriyanın suverenliyini qorumaq üçün yeganə yoldur”.
“Report” xəbər verir ki, bunu Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Rusiyalı nazir qeyd edib ki, Rusiya bu gün beynəlxalq terrorizmlə mübarizədə geniş təcrübə qazanıb. “Bu təcrübəni həmkarlarımızla bölüşməyə hazırıq. Buraya həm beynəlxalq terrorizmlə mübarizə, həm də humanitar yardım – minalardan təmizlənmə, tibbi yardım və bir çox digər məsələlər aiddir”, – o bildirib.
Koalisiya hərbi quruluşuna toxunan Şoyqu bu məsələdə gündəliyin olduqca geniş olduğunu qeyd edib. “Əməkdaşlıq birlikdə nəzərdən keçirdiyimiz və təsdiq etdiyimiz plana uyğun olaraq inkişaf edir”, – nazir söyləyib.
Qeyd edək ki, oktyabrın 22-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan Soçidəki görüşdə Suriyanın şimal-şərqindəki vəziyyətin nizamlanması üzrə ortaq tədbirlər haqqında memorandum imzalayıblar.