Startaplar üçün yaradılmış yeni dəstək mexanizmləri, o cümlədən “Startap” şəhadətnaməsi ilə bağlı mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün məlumatlandırıcı vebinar təşkil olunacaq. Mayın 7-də saat 11.00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək “Startap üçün yeni imkanlar” mövzusunda vebinarda startaplar üçün yeni maliyyə dəstəyi mexanizmləri, “Startap” şəhadətnaməsinin üstünlükləri, müraciət qaydası və lazım olan sənədlər barədə məlumat veriləcək, KOB subyektlərini maraqlandıran suallar cavablandırılacaq.
KOB subyektləri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməklə vebinarda iştirak edə bilərlər:
https://zoom.us/webinar/register/WN_6jLmAUoVQO2FMUx6LFiJfA
Məlumat üçün bildirək ki, KOBİA tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi üçün KOB subyektlərindən müraciətlərin qəbulu davam edir. “Startap” şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir. “Startap” şəhadətnaməsi almaq istəyən KOB subyektləri müvafiq ərizə və sənədlərlə Agentliyə yazılı formada (Ünvan: AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134) və ya elektron qaydada (info@smb.gov.az) müraciət edə bilərlər. Müraciət etmək üçün müvafiq ərizə forması və lazım olan digər sənədlər barədə məlumatlar KOBİA-nın rəsmi internet səhifəsində yerləşdirilib – https://bit.ly/3dETJqw