“Şüa” İdman Kompleksində stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) “Report”a verilən məlumata görə, açılış mərasimində iştirakçıları salamlayan qurumun vitse-prezidenti Elmar İslam, Gənclər və İdman Nazirliyinin (AGİN) sektor müdiri Sarvan Nağıyev onlara uğurlar arzulayıb.
AGİN və ASTF-nin birgə təşkil etdiyi yarışda paytaxt idmançıları ilə yanaşı, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idman cəmiyyətləri, klublar və Uşaq Gənclər İdman Məktəblərinin tennisçiləri mübarizə aparırlar.
4 gün davam edəcək ölkə kubokunun təşkilində əsas məqsəd ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir.
Qeyd edək ki, noyabrın 19-da yekun vurulacaq yarışın qalibləri nazirliyin diplomları va federasiyanın qiymətli hədiyyələri ilə təltif olunacaqlar.