STP Şirkətlər Qrupuna daxil olan “STP Polimer” şirkəti Bakı şəhərinin küçələrində velosiped zolaqlarının quraşdırılması layihəsi üzrə keçirilən tenderdə tərəfdaş şirkət kimi qalib olub.
AZƏRTAC xəbər verir ki, ümumi büdcəsi 535 min 661 manat təşkil edən layihəyə əsasən, “STP Polimer” 2024-cü il ərzində 7 min ədəd zolaq ayırıcı və qoruyucu dəstlər istehsal edəcək. Bakı şəhərinin Baş planına əsasən, 2040-cı ilə kimi 286 kilometrlik ərazini əhatə edəcək zolağın quraşdırılmasına 120 min zolaq ayırıcı dəstlərinin istehsal olunması nəzərdə tutulub. Bu isə öz növbəsində 660 ton tullantının yenidən emal olunması deməkdir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində STP Şirkətlər Qrupu “#yashilplanet” devizi altında ətraf mühitin qorunmasına çağırış edir. İstehsalat sonrası yaranan tullantılardan ətraf mühitə ziyan vurulmadan səmərəli istifadə, nəinki sözügedən layihədə, həmçinin bütün istehsalat zamanı prioritet olaraq qalacaq.
“STP Polimer” şirkəti Sumqayıt Texnologiyalar Parkının ərazisinə görə ikinci ən böyük müəssisədir. 2009-cu ilin dekabrında fəaliyyətə başlayan bu zavod müxtəlif polimer boruların istehsalı üzrə ixtisaslaşıb və regionun polimer məmulatları istehsal edən ən iri sənaye müəssisələrindən biridir. Bundan əlavə, şirkətdə polimer fitinqlər, sarınmış və polimer kompozit borular, mikser-dozator və kabel plastikatı, su və kanalizasiya boruları, lövhə istehsalı sahələri fəaliyyət göstərir.
Bütün istehsal prosesi Almaniyanın “Krauss Maffei”, “Unicor”, “Krah”, Avstriyanın “Battenfield Cincinatti”, “Fux”, İtaliyanın “Omipa” və Türkiyənin “Mikrosan” şirkətlərinin istehsalı olan ən müasir texnoloji avadanlıqlar vasitəsilə aparılır. Hazır məhsullar Danimarkadan gətirilmiş laboratoriyalarda sınaqdan keçirilir. Laboratoriyalar ISO 9001:2008 və ISO 17025:2008 standartlarına uyğun akkreditə olunub.
Almaniya istehsalı olan texnoloji avadanlıq və xammalın böyük hissəsi müasir beynəlxalq standartlara cavab verən məhsulların istehsalına imkan verir. Ümumi istehsal qabiliyyəti illik 250 min tondan artıqdır.
STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az) və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.