Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Strasburqda muğam konserti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, muğam konserti “Saint –Pierre –Le-Jeune” kilsəsində keçiriləcək. Tədbir çərçivəsində Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələnin qurbanlarına dəstək məqsədilə “A.A.P.I.I.” Assosiasiyası (Association d’aide aux personnes issue de l’immigration) tərəfindən könüllü xeyriyyə aksiyası təşkil olunacaq.
Xalqımızın ən əziz bayramlarından olan Novruz yazın gəlişini və təbiətin oyanışını bildirməklə yanaşı, xalqlar və icmalar arasında sülh, həmrəylik və qarşılıqlı hörmət dəyərlərinin möhkəmləndirilməsi ilə bağlı çoxəsrlik ənənələri özündə təcəssüm etdirir.
Xatırladaq ki, BMT-nin Baş Assambleyası 2010-cu ildə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib. 2016-cı ildə isə “Novruz” bayramı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu mədəni tədbir vasitəsilə Novruzun ruhu və idealları strasburqlularla bölüşüləcək.