Stromboli vulkanındakı aktivliyə görə mülki müdafiə qüvvələrinin fövqəladə səfərbərliyi elan olunub

İtaliyanın Stromboli adasında yerləşən eyniadlı vulkanda müşahidə olunan aktivliyə görə mülki müdafiə qüvvələrinin fövqəladə səfərbərlik vəziyyəti elan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın mülki müdafiə və dəniz siyasəti naziri Nello Musumeçi fərman imzalayıb.

Nazir vulkanoloqların rəyi nəzərə alınaraq, bölgədə qırmızı xəbərdarlıq səviyyəsi elan edildiyini bildirib.

“Milli Mülki Müdafiə Xidmətinin Stromboli adasına fövqəladə səfərbər olunmasını təşkil etmək haqqında fərmanı imzaladım”, – deyə Nello Musumeçi qeyd edib.

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, hazırda vulkanda aktivlik səviyyəsi intensivləşib. Bu vəziyyətin qısa müddət ərzində dəyişəcəyi gözlənilmir.

Qeyd edək ki, ötən bir neçə gündür yenidən fəallaşan vulkanda lava axınları müşahidə olunub. Püskürmədən sonra vulkanın kraterində orta və güclü partlayışlar qeydə alınıb, çökmə baş verib. Vulkanın ətəyindəki yaşayış məntəqələrinə kül və toz dumanı yayılıb.

Stromboli adası Siciliyadan şimalda yerləşən Lipar adalar qrupuna aiddir. Stromboli 1932-ci ildən indiyədək bölgədəki ən aktiv vulkanlardan hesab olunur. Üç fəal krateri olan vulkanda sonuncu güclü püskürmə 2022-ci ilin oktyabrında baş vermişdi.

Əvvəlki“Beril” qasırğası Texas sahillərinə yaxınlaşıb
NövbətiATƏT/DTİHB Azərbaycanda parlament seçkilərinə müşahidəçilər missiyası göndərəcək