Sudan ordusu ölkədə üç gün müddətində atəşkəsin saxlanmasına razılıq verdiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə “Əl-Hədas” telekanalı məlumat yayıb.
Ordu üsyançıların atəşkəsə əməl edəcəyinə və hərbi əməliyyatları dayandıracağına ümid edir.
Bundan əvvəl ötən gün Çevik Reaksiya Qüvvələri beynəlxalq vasitəçiliklə Ramazan bayramı ilə əlaqədar Sudan ordusu ilə atəşkəsə razılaşdıqlarını açıqlayıblar. Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı beynəlxalq vasitəçi kimi çıxış edir.
Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı toqquşmalar baş verib. Ölkənin səhiyyə naziri qarşıdurmalarda ölənlərin sayının 600 nəfərdən çox olduğunu bildirib.