Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı şəhərinin mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində ikisi uşaq olmaqla 34 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
“Sumı: saat 18:00-a (Bakı vaxtı ilə 19:00 – red.) olan vəziyyətə görə, 34 nəfər, o cümlədən 2 uşaq həlak olub. 117 nəfər, o cümlədən 15 uşaq yaralanıb. Həlak olanların ailələrinə başsağlığı veririk. Bu bütün ölkə üçün əvəzolunmaz itkidir”, – məlumatda deyilir.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov bildirib ki, Sumıya “İskander-M/KN-23” tipli iki ballistik raketlə zərbəni Rusiya ordusunun 112-ci və 448-ci briqadalarının heyətləri endiriblər.