Sumqayıt Dövlət Universitetində (SDU) 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə “Şərqdə parlayan ay” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Dövlət Bayrağımıza həsr olunmuş videoçarx nümayiş etdirildib.
Universitetin rektoru, professor Elxan Hüseynov çıxış edərək Azərbaycan Respublikasının Dövlət bayrağının yaranma tarixindən danışıb. Qeyd edilib ki, üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprelinədək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiqlənib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək, onu dövlət bayrağı elan edib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bildirilib ki, ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyəsət nəticəsində müstəqil respublikamızda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər qazanılıb, dövlətçiliyimiz möhkəmlənib, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən ölkəmizin müdafiə qüdrəti daha da artıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə torpaqlarımız işğaldan azad ediləcək və üçrəngli bayrağımız Qarabağda dalğalanacaq.
Çıxışlardan sonra tədbir tələbələrin təqdim etdikləri bir-birindən maraqlı kompozisiyalarla, “Tarixin səsi”, “Zülmətdə nur”, “Qarabağlı qapılar” adlı səhnəciklərlə davam edib. Hərbi vətənpərvərlik mövzusunda mahnılar, şeirlər iştirakçılarda yüksək əhval-ruhiyyə yaradıb.
Sonra dirijor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevin müşayiəti ilə Qara Qarayevin “Gənclik” və Emin Sabitoğlunun “Azərbaycan” əsərləri tələbələrin ifalarında səslənib.