Azərbaycan Respublikasınnın Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid Analarına Dəstək” İçtimai Birliyinin həyata keçirdiyi “Zəfərin şahinləri Şəhidlər qonaq gəlib” layihəsi çərçivəsində 25 sentyabr 2023-cu il tarixində Sumqayıt şəhər “Kimyaçı” Mədəniyyət Sarayında ədəbi bədii gecə keçirildi. Tədbirdə layihə çərçivəsində “Bayfilm” MMC tərəfindən istehsal olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə ithaf olunmuş “Missiya” qısametrajlı bədii film nümayış olundu. Həmçinin sumqayitlı rəssəmların əsərlərindən ibarət sərgi təşkil olundu.
Şəhər icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin, şəhid ailələrinin, qazilər və müharibə iştirakçılarının, şəhər ictimaiyyətinin iştirak etdiyi tədbirdə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər Təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri Sovet Şükürov, Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqova və “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan Vətən müharibəsində şəhid olanların xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd etmiş, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən danışmış, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Layihənin rəhbəri Ceyran Həsənova layihələrinə maliyyə dəstəyi verdiyinə görə Azərbaycan Respublikasınnın Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və filmin istehsalına görə “Bayfilm” MMC-nin yaradıcı heyətinə öz təşəkkürünü bildirmişdir.