Sumqayıt şəhərində idarə etdiyi avtomobillə avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına real qəza şəraiti yaradan, onların sağlamlığını təhlükə altında qoyan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, şəhər sakini Rüfət Sərxanov idarə etdiyi “Khazar LX” markalı minik maşını ilə davamlı olaraq Sumqayıt ərazisində cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək, avtoxuliqanlıq hərəkətləri törədib.O, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşlarının saxla əmrinə tabe olmayaraq, hərəkətini davam etdirib. Yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində sürücünün saxlanılması təmin edilib.
Rüfət Sərxanov barəsində toplanan materiallar məhkəməyə göndərilib. Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs qərarı verilib.Məhkəmənin qərarı ilə həmçinin R.Sərxanovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Qeyd edək ki, sürücünün davamlı olaraq törətdiyi kobud qayda pozuntuları, bilərəkdən digər hərəkət iştirakçılarının yoluna çıxaraq avtomobil idarə etməsi ərazidə olan müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.