Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhərində tüstü və iy-qoxunun yayılması ilə bağlı daxil olan məlumatı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı şəhərin inzibati ərazisində yerləşən məişət tullantıları poliqonunda baş verən yanğın səbəbindən ətrafa tüstü və iy-qoxunun yayıldığı, məişət tullantılarının idarə edilməsində qanunvericiliyin tələblərinin pozulduğu və tullantıların yanması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülmədiyi müəyyən edilib.
Faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimələnib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.