Artıq sürücü-polis münasibətlərində hər hansı problem olmayacaq. Həmçinin cəzanın tətbiq edilməsi qorxusu törədilən xətaların qarşısını alacaq, yol qəza hadisələrinin sayının azalmasına təsir göstərərək, süni sıxlığın, tıxacın baş verməməsinə zəmin yaradacaq.
Bu sözləri Axar.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov 15 noyabr tarixindən etibarən yük avtomobili sürücüləri üçün müəyyən edilən yollar, DİN-in şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıraraq qadağa saatlarında yük avtomobillərinin şəhərə daxil olmasına nəzarəti gücləndirməsilə bağlı danışarkən bildirib.
V.Əsədovun sözlərinə görə, Baş nazirin müavini Hacıbala Abutalıbovun yük avtomobili sürücüləri ilə görüşündən sonra bu sürücülər üçün müəyyən edilən yol siyahısı yenidən aktuallaşdı. Polkovnik bildirib ki, burada əsas məqsəd sürücülərin həmin yolları əzbərləməsi və istifadə etməsinə zəmin yaratmaqdır:
“Dünyanın bütün inkişaf etmiş ölkələrində yük avtomobillərinin hərəkəti ilə bağlı konkret zaman, tələb və qadağalar var. Biz də inkişaf etmiş ölkələrdə olan praktikadan yararlanmışıq. Son iki ildir də bunun müsbət tərəflərini görürük.
Bakı şəhərinin inzibati ərazisində yarana biləcək uzunmüddətli süni sıxlığın və ya tıxacın səbəbi dayanma-durma, parklanma tələblərinin düzgün yerinə yetirilməməsi ilə yanaşı, həm də yük avtomobillərinin bütün istiqamətlər üzrə istənilən saatda şəhərə daxil olması, hərəkət etməsidir. Yük avtomobili sürücüləri olduqca peşəkar olur, ancaq nəzərə almaq lazımdır ki, sürücü nə qədər peşəkar olsa da, iri yük avtomobilləri şəhərdə hərəkətdə problem yaradır.
Əgər iri qabaritli, yükgötürmə qabiliyyəti 5 tondan artıq olan yük avtomobili sürücüləri ilə bağlı bu məhdudiyyət tətbiq olunmasa, şəhərdə hərəkətdə xaos yaranar”.
V.Əsədov bildirib ki, 15 noyabrdan etibarən tətbiq ediləcək yenilik bu günə qədər quraşdırılan kameraların sayının daha da artırılması və bu kameralar vasitəsilə elektron qərarların qəbul edilməsidir:
“Bu gün sürücülər buna narazılıqlarını bildirirlər, ancaq nəzərə almaq lazımdır ki, bu texkniki vasitələrin tətbiq edilməsi sürücü-polis münasibətlərində narazılığı aradan qaldıracaq, “Yol hərəkəti haqqında” Qanunun tələblərinin yerinə yetirilməsini birmənalı olaraq təmin edəcək, yol-qəza hadisələrinin sayını aşağı salacaq, yol hərəkətində mədəniyyət səviyyəsinin formalaşmasına müsbət təsir göstərəcək.
İndi biz və siz bu siyahıda qeyd edilən yolların yayılmasına, paylaşımına çalışmalıyıq ki, 15 noyabra qədər bütün yük avtomobili sürücüləri məlumatlı olsunlar”.
V.Əsədov bildirib ki, artıq heç bir yük avtomobili idarə edən sürücü yol polisi tərəfindən saxlanılmayacaq:
“Hər bir törədilən xətanın konkret cəzası, cəriməsi var. Bu da avtomatik olaraq elektron qərar halında həyata keçiriləcək. Bu informasiyanı yaymaqla yük avtomobili sürücülərinə bildirmək istəyirik ki, siz artıq yol polisi tərəfindən saxlanılmayacaqsınız. Bu kameralar sizin avtomatik olaraq təyin edilmənizə şərait yaradacaq.
Əsrin tələblərindən biri də avtomatik idarəetmə sisteminin yaradılması, yeni texnologiyaların tətbiqidir. Biz də bu sahədə buna çalışırıq və kameraların quraşdırılması və sayının artırılması da bunun üçündür. Burada artıq sürücü-polis münasibətlərində hər hansı problem olmayacaq. Həmçinin cəzanın tətbiq edilməsi qorxusu törədilən xətaların qarşısını alacaq.
Yük avtomobili sürücüləri bundan düzgün yararlanmalıdır. Biz sürücülər üçün hər cür şərait yaratmışıq, konkret istiqamət də müəyyən etmişik. Bircə qalır sürücülərin bu tələblər və onlar üçün müəyyən edilən istiqamətlər üzrə hərəkət etməsi”.
Polkovnik bildirib ki, bu siyahını sürücülər 15 noyabr tarixinə kimi əzbərləməlidir ki, səhvə yol verməsinlər:
“Sonra da deməsinlər ki, bilmirdik, bilmədən oldu, xəbərimiz yox idi”.