Noyabrın 7-də Beynəlxalq Muğam Mərkəzində Zəfər Günü ərəfəsində “SOCAR Media”-nın dəstəyi ilə hazırlanmış “Şuşa” sənədli filminin təqdimat mərasimi keçirilib.
Trend-in məlumatına görə, sənədli film Şuşanın işğaldan azad olunması haqqındadlr.Döyüşlərdə qəhrəmanlıq göstərmiş hərbçilərimiz filmin əsas iştirakçılarıdır. Çəkilişlər əsasən döyüşlərin getdiyi Şuşa ətrafı meşələrdə, qayalarda və Şuşanın özündə aparılıb. Şəhəri azad edənlər keçdikləri şanlı yolun yenidən yolçuları olur və həmin həyəcanlı anları, elə həmin məkanlarda xatırlayırlar. Şuşaya ilk bayraq sancan qəhrəman hərbçilərin xatirələri də filmin ən baxımlı məqamlarındandır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 44 günlük Vətən müharibəsinin gedişində Şuşa haqqında söylədiyi fikirlər filmin leytmotivini təşkil edir. Filmdə Şuşanın işğalının epizodik xronikası da nümayiş etdirilir. Düşmənin və ona havadarlıq edən qüvvələrin məkrli planları ifşa olunur, eləcə də həmin dövrdə Azərbaycanda baş alıb gedən siyasi dərəbəylik və güclü mərkəzi hakimiyyətin olmaması işğalın əsas səbəbləri kimi göstərilir.
“Şuşa” sənədli filmi “SOCAR Media”nın sifarişi ilə QULP STUDİO tərəfindən hazırlanıb. Filmin müəllifi Əməkdar jurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüsseri İntiqam Cəfərovdur.
Qeyd edək ki, “Şuşa” sənədli filmi 8 noyabr tarixində ATV, noyabrın 9-da Xəzər TV, noyabrın 10-da isə ARB TV kanallarında yayımlanacaq.