Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə hazırlanan “Şuşa Türk dünyasının mədəniyyət paytaxtı” adlı 5 dildə (Azərbaycan, özbək, türk, ingilis və rus) ensiklopedik nəşrin və Şuşaya aid poçt markasının I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində oktyabrın 13-də Şuşada təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, nəşr Azərbaycan Mədəniyyət Nazirliyi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi əsasında çap olunub.
Təqdimatda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru, Özbəkistan Azərbaycan dostluq cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Xalq şairi Sabir Rüstəmxanlı çıxış ediblər.
Bildirilib ki, ensiklopedik-məlumat kitabının hazırlanmasında əsas məqsəd Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında məlumatları müfəssəl şəkildə bir mənbədə toplamaq istəyi və zərurətidir. Nəşrdə təkcə Şuşanın keçmişi, işğaldan əvvəlki dövrü ilə bağlı deyil, onun azad olunmasından sonrakı dövrünə aid məlumatlar da yer alıb.
Daşkənddəki “Niso Poligraf” nəşriyyatında çap olunan nəşrdə Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtı olan Şuşa haqqında ən vacib faktlar və məlumatlar öz əksini tapıb. Şuşanın tarixi, mədəniyyəti, incəsənəti, ədəbi mühiti, tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, ictimai siyasi həyatı, iqtisadiyyatı, tarixi, dini abidələri, tikililəri, təbiəti, turizm məkanları, azad Şuşada aparılan quruculuq işlərinə dair məlumatlar, fotoşəkillər yer alıb. Ensiklopedik nəşrdə Şuşada keçirilən beynəlxalq və yerli tədbirlər habelə Özbəkistanda və Türkiyədə Şuşa ilə bağlı reallaşdırılan layihələr öz əksini tapıb.
Nəşrdə qeyd olunur ki, “Şuşa İli” və Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bir sıra layihələr həyata keçirib. Belə ki, XIX əsrdə Şuşada fəaliyyət göstərmiş “Məclisi-fəramuşan” poeziya məclisi iki ölkənin gənc şairləri arasında yenidən bərpa edilib, Şuşa şəhər kitabxanası ilə Özbəkistanın Turon kitabxanası arasında “qardaş kitabxanalar” haqqında müqavilə imzalanıb, Turon kitabxanasında “Şuşa guşəsi” yaradılıb, Termiz Dövlət Universitetində “Xurşidbanu Natəvan adına Azərbaycan Mərkəzi” fəaliyyətə başlamış, Azərbaycan şairəsi, Qarabağ xanının qızı, Şuşada yaşayıb yaratmış Xurşidbanu Natəvanın şeirləri özbək dilinə tərcümə və nəşr edilib, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birlikdə “Özbəkistanda Şuşa günləri” adlı silsilə tədbirlər keçirib, Özbəkistan səhnələrində müsəlman Şərqində ilk operanın müəllifi, dünyaşöhrətli şuşalı bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsertlər təşkil edilib; Azərbaycanın Şuşa və Özbəkistanın Xivə şəhərlərinin qardaşlaşması layihəsi hər iki şəhər rəhbərinin imzası ilə reallaşdırılıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin Şuşa ilə bağlı növbəti layihəsi olan “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı ensiklopedik-məlumat kitabının Azərbaycan, özbək, türk dillərində, ingilis və rus dillərində nəşri Azərbaycan mədəniyyətinin məbədgahı, “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşanın tarixi, mədəniyyəti, turizmi, onun bəşər mədəniyyətinə verdiyi töhfələri nəinki Türk dövlətlərinə, dünyaya çatdırmağa xidmət edir.
Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Özbəkistanda ilk dəfə olaraq Şuşaya həsr olunmuş “Şuşaya dair buraxılmış poçt markasının təqdimatı” keçirilib.
Xüsusi dizaynla hazırlanmış poçt markasının üzərində Şuşa qalası, Azərbaycanın bayrağının təsviri, Qarabağın – Şuşanın füsunkar təbiəti, başını duman almış əzəmətli dağları, bölgəyə, şəhərə dağlar qədər vüqar və şöhrət gətirən dünyaşöhrətli mütəfəkkirlər, şairlər, tanınmış şuşalılar, milli musiqi alətlərimiz (qaval, tar, kaman) kimi milli mədəniyyətimizi əks etdirən elementlər, habelə Qarabağın, Şuşanın və qazanılan Zəfərin simvolu olan “Xarıbülbül” çiçəyinin rəsmi öz əksini tapıb.
Markanın Özbəkistan Mərkəzi Poçtu tərəfindən daxili və beynəlxalq dövriyyəyə buraxılması nəzərdə tutulub.
Çıxış edən natiqlər hər iki layihəni yüksək dəyərləndirib və bu işdə əməyi keçənlərə minnətdarlıqlarını bildiriblər.