Rusiyanın Sverdlovsk vilayətində yaşayan azərbaycanlılar Türkiyənin zəlzələdən ziyan çəkmiş bölgələrinə humanitar yardım göndəriblər.
AZƏRTAC xəbər verir ki, Sverdlovsk vilayətinin Azərbaycan diasporunun nümayəndələri Türkiyənin Rusiyadakı səfirliyi vasitəsi ilə zəlzələdən zərər çəkənlərə ilk humanitar yardım maşınını yola salıblar. Humanitar yardımla dolu maşın Yekaterinburq şəhərindən Moskva yola düşüb. Sverdlovsk vilayəti azərbaycanlılarının topladıqları vəsait hesabına qardaş ölkəyə isti adyallar, yataq dəstləri, geyim və digər ləvazimatlar göndərilib.
Humanitar yardım avtomobilinin yola salınması mərasimində baş konsul vəzifələrini icra edən Şöhrət Mustafayev, “Azərbaycan-Ural” Milli mədəni təşkilatının sədri Şahin Şıxlinski çıxış edərək türk xalqının acılarına şərik olduqlarını bildiriblər. Soydaşlarımız zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, bütün türk xalqına səbr diləyiblər.