“Təbii ehtiyatlardan əldə olunan gəlirlər vətəndaşların rifahı və ölkənin milli maraqları naminə idarə olunmalıdır”. Bu sözləri “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin rəhbəri Şaban Nəsirov Siyəzən rayonunda Hasilat Sənayesində Şəfafflıq mövzusunda keçirilən Dəyirmi Masada deyib.
Qeyd edək ki, “ Hasilat Sənayesində Şəfafflıq nədir ? -Təşəbbüsün bölgələrdə təbliği” adlı layihə çərçivəsində keçirilən tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilir.
Şaban Nəsirov öncə tədbir iştirakçılarını Hasilat Sənayesində Şəfafflıq təşəbbüsü ilə bağlı məlumatlandırıb: “Bildiyiniz kimi, vətənimiz neft, qaz və digər təbii sərvətlərlə zəngin ölkədir. Azərbaycan Konstitutsiyasının 14-cü Maddəsinə əsasən təbii ehtiyatlar Azərbaycan Respublikasına mənsubdur. Yəni təbii ehtiyatlar Azərbaycan xalqının müştərək sərvətidir və hər bir Azərbaycan Respublikası vətəndaşı bu müştərək sərvət barədə məlumat əldə etmək hüququna malikdir”.
Birlik rəhbəri bildirib ki, şəffaflığın əsas elemenləri neft, qaz və mədən sənayesində fəaliyyət göstərən şirkətlərin dövlətə ödənişlərinin, dövlət büdcəsinə şirkətlərdən daxilolmaların, hasilat sənayesi ilə bağlı digər aidiyyatı məlumatların açıqlanmasıdır.
Onun sözlərinə görə, təbii ehtiyatlardan əldə olunan gəlirlərdən qənaətli istifadə yoxsulluğun azaldılmasına gətirib çıxara bilər ki, bu da davamlı iqtisadi inkişafına təkan verən mühüm vasitədir.Dövlət isə hasilat sənayesindən əldə olunan gəlirlərin idаrə olunması ilə bağlı vətəndаşlаr qаrşısındа hеsаbаt verməlidir. Eləcə də bu sahədə çalışan şirkətlər şəffaflığın təmin etməlidirlər: “Şəffaflığın tətbiqində dövlət orqanları, hasilat sənаyеsində fəaliyyət göstərən şirkətlər, beynəlxalq təşkilаtlаr, mаliyyə qurumları, investorlar və qеyri-hökumət təşkilаtlаrı da dахil оlmаqlа, bütün mаrаqlı tərəflərin iştirakı təmin edilməlidir”.