Tacikstanın bir qrup vətəndaşı Yerevanda hökumət evinin qarşısında etiraz aksiyası keçirib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar Ermənistanın Eçmiadzin rayonunun Araz kəndində gördükləri işin əməkhaqqının ödənilməsini tələb ediblər.
“Biz 2018-ci ilin mayında Araz kəndində pambıq yetişdirməyə gəlmişik. Biz dekabradək işləsək də, indiyədək pulumuzu verməyiblər. Bizə 15 min dollar borcları var”, – deyə aksiya iştirakçılarından biri deyib.
Onların sözlərinə görə, Qaqik adlı iş adamı Tacikistanın 10 vətəndaşının pulunu ödəməyib. Onların 5-i Tacikistana gedib, qalanı isə hələ də Ermənistanda qalır. Tacikstanlıların Eçmiadzin hüquq-mühafizə orqanlarına müraciəti də nəticəsiz qalıb. Ona görə də Yerevanda hökumət binasının qarşısında aksiya keçiriblər.