Tailandda üç günlük Yeni il bayramı zamanı baş verən yol qəzalarında 140-dan çox insan ölüb.
“Report”un məlumatına görə, bu barədə “The Nation” qəzeti xəbər yayıb.
Tailandın Yol Təhlükəsizliyi Mərkəzinin məlumatına görə, dekabrın 27-dən 29-dək 870-dən çox qəza baş verib. Nəticədə 840-dan çox insan xəsarət alıb.
Qeyd olunur ki, qəzaların əsas səbəbləri sürət həddinin aşılması, sərxoş vəziyyətdə avtomobil idarə etmək olub. Hadisələrin əksəriyyəti motosiklet sürənlərin iştirakı ilə baş verib.
Tialandın ədliyyə naziri Thavi Sodsonq sürücülərin spirtli içki qəbul etməsini yoxlamaq üçün festivalların keçirildiyi ərazilərin yaxınlığında nəzarət-buraxılış məntəqələrinin yaradılması da daxil olmaqla, yol hərəkətinə nəzarətin gücləndirilməsi barədə əmr verib. O, həmçinin əlavə edib ki, sərxoş vəziyyətdə avtomobil idarə etməyə görə cəzalar barədə ictimaiyyətin maarifləndirilməsi istiqamətində işlər aparılacaq.
Tailandda Yeni il tətilləri dekabrın 27-də başlayıb və yanvarın 3-dək davam edəcək. Krallığın sakinləri bu günləri səyahət etdikləri əyalətlərdə, o cümlədən şəxsi avtomobilləri ilə keçirməyə üstünlük verirlər. Nəticədə yollarda qəza halları artır.