Tailandın Baş naziri Settha Thavisin çinlilər uçun vizasız rejimin ilk günündə Çindən krallığa gələn ilk turistləri paytaxt aeroportunda şəxsən qarşılayıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Çin 2023-cü ildə Tailandın turist bazarında Malayziyadan sonra ikinci yeri tutub. İlin əvvəlindən bəri krallığa 2,3 milyondan çox çinli gəlib. 2019-cu ildə bu göstərici 11 milyon nəfər idi. Tailand hakimiyyət orqanlarının fikrincə, vizasız rejim Çindən daha çox turist cəlb etməyə imkan verəcək.
Tailandda turizm sektorundan əldə olunan gəlirlər ümumdaxili məhsulun 20 faizini təşkil edir. Cari ildə ölkəyə 28 milyon turistin gələcəyi ehtimal olunur. Daxili turizm də daxil olmaqla bu sahənin gəliri 2,4 trilyon bat (67 milyard dollar) təşkil etməlidir ki, bu da pandemiyadan öncəki pik həddə çatan 2019-cu il göstəricisinin 80 faizi deməkdir. 2024-cü ildə krallığa 40 milyon turistin gələcəyi və turizm sahəsinin gəlirinin 3,1 trilyon bata (90 milyard dollar) çataraq tam bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, Tailand hökuməti sentyabrın 13-də turizm sektoruna dəstək məqsədilə Çin və Qazaxıstandan gələn turistlər üçün viza rejiminin ləğvi barədə qərar qəbul edib. Həmin ölkələr üçün vizasız rejim bu il sentyabrın 25-dən 2024-cü il fevralın 29-dək qüvvədə olacaq. Turistlər Tailandda 30 gün vizasız qala biləcəklər.