Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.
“Report” xəbər verir ki, bu barədə onun “Facebook” səhifəsində bəyanat yayılıb.
“Bildirmək istəyirəm ki, “cinsi azlıqlar” dinimizdə birmənalı olaraq qəbul edilmir və İslam dəyərlərinə tamamilə ziddir. Lakin iclasdan yayılmış görüntülərdən sonra Milli Şuranın üzvləri, başda Cəmil Həsənli və Əli Kərimli olmaqla “cinsi azlıqların” müdafiəsinə qalxmış, onlarla həmrəylik nümayiş etdirərək müsəlman xalqımızın dini inancını təhqir etmişdir. Yaranmış durumdan qaynaqlanaraq din məhbuslarının müdafiəçiləri, İslam dini və mənəvi dəyərlərimizin təbliğatçıları, hörmətli ziyalımız Eldəniz Quliyev, din xadimlərimiz Rövşən Əhmədli, Hacı İlqar İbrahimoğlu və Məşədi Natiq Kərimov haqlı olaraq etiraz səsini ucaltmış və qurumda olanlar oradan istefa vermişlər.
Mən Milli Şura üzvü olaraq bir daha bildirirəm ki, dırnaqarası cinsi azlıqlar dinimizdə birmənalı olaraq qəbul edilmir və onların müdafiəsi birbaşa dinimizə və mənəvi dəyərlərimizə həqarətdir! Milli Şura üzvlərinin belə şəxsləri müdafiəsi şəxsim və Müsəlman Birliyi Hərəkatı tərəfindən qəbul edilməzdir. Mən də yaranmış rüsvayçı vəziyyəti bağışlanmaz hesab edərək Milli Şuranı tərk etdiyimi bəyan edirəm”, – o, əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycan İslam Partiyasının sədr müavini Rövşən Əhmədli Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verdiyini bəyan edib.
Bundan əvvəl isə Milli Şuradan Eldəniz Quliyev, Rafiq Manaflı və Namizəd Səfərov da istefa verib.