“Taliban” hərəkatının rəhbərliyi Əfqanıstanı idarə etmək üçün 12 nəfərdən ibarət şura formalaşdırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Foreign Policy jurnalı hərəkatın liderlərinə yaxın mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, “Taliban”ın siyasi qanadının lideri Əbdül Qani Bəradar, hərəkatın hərbi komissiyasının rəhbəri Moulavi Yaqub və “Hakkani şəbəkəsi” diversiya qrupunun başçısı Siracuddin Hakkani şurada ən nüfuzlu üç şəxs olmalıdır.
Nəşr həmçinin qeyd edir ki, taliblər Əfqanıstanda prezident postunu, yaxud hər hansı təkbaşına lider vəzifəsini bərpa etmək istəmirlər. Bununla yanaşı, ABŞ tərəfindən dəstəklənən əvvəlki hökumətin bir neçə üzvünə yeni kabinetdə nazir postları təklif oluna bilər. Beləliklə, “Taliban” beynəlxalq ictimaiyyət tərəfindən tanınmaq şansını artırmaq üçün mümkün qədər çox inklüziv görünən hökumət qurmaq istəyir.