“Taliban” hərəkatı Əfqanıstanın şimalında yerləşən Cauzcan əyalətinin administrativ mərkəzi Şiberqan şəhərinə daxil olub.
AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, hazırda Şiberqan uğrunda ağır döyüşlər davam edir. Taliblər ölkənin sabiq vitse-prezidenti, marşal Əbdul-Raşid Dustumun şəhərdəki evini yandırıb.
Əfqanıstanda hökumət qüvvələri və taliblərin sılahlı qarşıdurması illərdir davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” hərəkatı arasında başlayan sülh danışıqları hələlik heç bir nəticə verməyib. Bu il aprelin 14-də ABŞ Prezidenti Cozef Bayden qoşunların sentyabrın 11-dək Əfqanıstandan çıxarılması barədə qərar qəbul edib. “Taliban” hərəkatı isə ABŞ və koalisiya qüvvələrinin ölkəni tərk etməsi fonunda bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatları aparır.