Azərbaycan ərazisində qədim türk tariximizi əks etdirən çoxsaylı tarixi abidələr var. Həmin artefaktlardan biri də tamğalardır. Onlar bütün ölkə ərazisində mövcuddur. Tamğalara adətən karvansaraylar, türbələr kimi tarixi abidələrin, obyektlərin üzərində, habelə, qəbirstanlıqlarda, düzəngahlardakı qayalarda rastlamaq mümkündür. Bəs biz bu qədim rəmzlər barəsində nə bilirik?
AZƏRTAC xəbər verir ki, tamğa – şəxsi mülkiyyətin üzərinə vurulan nişan, mənsubiyyəti göstərən möhürdür. Onlar adətən heyvanları səhv salmamaq üçün mal-qaranın üzərinə vurulurdu. Tamğadan həm də emblem və gerb kimi istifadə olunurdu. Tamğayla əkin sahələrinin, otlaqların sərhədləri, ən qiymətli şəxsi əşyaları, qəbir daşlarını, sikkələri nişanlayırdılar. Uzun müddət tamğa bir çox hökmdarın şəxsi möhürü rolunu oynayıb. Onlar üzüklərə yerləşdirilirdi və tamğayla vacib sənədlərə və müqavilələrə möhür qoyulurdu.
Tamğadan türk xalqları arasında qəbilə nişanı kimi istifadə edilib. Tamğa türkmənlər, qaraçaylar, balkarlar, noqaylar, Krım tatarları, çuvaşlar, başqırdlar, özbəklər, uyğurlar, monqollar, qazaxlar, qırğızlar, kumıklar, tuvalılar, türklər, azərbaycanlılar və digər xalqlar arasında geniş təşəkkül tapıb.
“Tamğa” sözü türk mənşəlidir və “damğa”, “möhür” deməkdir. Qızıl Orda dövründə bu termin Orta Asiya, Şərqi Avropa, Yaxın və Orta Şərq, Qafqaz ölkələrində geniş yayılıb, burada əvvəlkilərdən əlavə yeni mənalar — “xan möhürü olan sənəd”, “pul vergisi” mənaları əldə edib.
Maraqlıdır ki, bir versiyaya görə, “gömrük” (rus dilində “tamojnya”) sözü də “tamğa”dan qaynaqlanır.
Tamğaların müxtəlif formaları ola bilər. Tamğa üçün prototip olaraq, mövcud etnoqrafik məlumatlara görə, dairə, kvadrat, üçbucaq, müxtəlif bucaqlı xətlər və s. kimi sadə həndəsi fiqurlardan istifadə edilirdi. Müqəddəs piktoqramlar – quşlar və heyvanlar, məişət əşyaları, silahlar və bəzən müxtəlif əlifba hərfləri də tamğa şəkli kimi seçilirdi. Bir çox nişanın prototiplərinin qəbilə münasibətləri dövrünə aid totem heyvanlarından və ya digər simvollardan ibarət olması ilə bağlı fərziyyələr var.
Qeyd olunduğu kimi, tamğa formalı nişan üçün qoyulan əsas tələblər qrafik baxımdan ifadəlilik və sadəlik idi. Başqa sözlə, nişan və ya işarə nə qədər sadə olsa, onu daş, dəri, ağac və s. kimi müxtəlif səthlərə tətbiq etmək daha da asanlaşırdı. Ekspressiv və eyni zamanda lakonik tamğalar sürətlə yayılaraq, yalnız ayrı-ayrı qəbilələrin və nəsillərin identifikasiya nişanına yox, həm də onun sahibinin mənşəyi və xidmətləri haqqında məlumat daşıyıcısına çevrilirdi.
Yaranma tarixinə nəzər salanda isə, ümumiyyətlə, Avrasiyada tamğanın yayılmasının Tunc dövründən başladığı güman edilir. Tamğalar yüzilliklər boyunca vurulmağa və istifadə edilməyə davam edib. Ondan hətta bugünkü günə qədər istifadə olunur. Belə ki, bu gün noqayların milli bayrağında içərisində qırmızı tamğanın yerləşdiyi ağ dairə olan tamğa nişanını görə bilərik.
Azərbaycan ərazisində ekspedisiyalar və tədqiqatlar zamanı müxtəlif türk xalqlarına və tayfalarına aid çoxlu sayda tamğa aşkar edilib. Oğuz tayfaları arasında tamğanın bir çox növü və çeşidi mövcud olub. Qeyd etmək lazımdır ki, oğuz türkləri 24 əsas tayfadan ibarət xalqdır. Çox vaxt tamğalara Qobustanda, Şamaxıda, Mərəzə ərazisində, eləcə də Siyəzəndə rast gəlinir. Qarabağ və Şərqi Zəngəzur ərazisində də çox sayda tamğalara mövcuddur. Digər türk ölkələrində olduğu kimi, bizdə də tamğalar tez-tez qəbiristanlıqlarda, məqbərələrdə, karvansaralarda, ayrı-ayrı qədim tikililərdə aşkarlanır. Tez-tez bir-birindən bir neçə metr məsafədə yerləşən daşlar üzərində müxtəlif tamğalara rast gəlinir. Onlar bir-birindən tarixlərinə, bu və ya digər tayfaya və ya qəbiləyə mənsubluğuna, habelə daş üzərində oyulma sənətinə görə fərqlənirlər.
Azərbaycan ərazisində tamğa haqqında ilk elmi qeydlərə alman alimi və səyyahı Adam Olearinin yazılarında rast gəlinir. 1636-cı ildə o, Qafqaz tamğaları ilə maraqlanmağa başlayıb. Oleari, Azərbaycanda Beşbarmaq dağı yaxınlığındakı karvansaranın daş divarlarına həkk olunmuş dörd tamğa nümunəsinin təsvirini çəkib. Lakin Oleari onları yazılı işarələrlə səhv saldığından, Qafqaz tamğasının öyrənilməsinin banisi o yox, məhz onlardan ikisinin 1722-ci ildə Dərbəndin qala divarının Qiyamət darvazası yaxınlığında eskizini çəkən rus dövlət xadimi və alimi Dmitri Kantemir hesab olunur. Kantemir çəkdiyi təsvirlərə bu cür izah verir: “Bunların tatar tamğaları olduğu tamamilə aydındır”. Mənbələrdən göründüyü kimi, hər iki alim tamğalara rast gəliblər və bu, bir daha onu sübuta yetirir ki, karvansara binalarında, məqbərələrdə, qala divarlarında və digər obyektlərdə öz nişanlarını çəkmək ənənəsi bu bölgədə hələ qədim zamanlardan mövcuddur.
Azərbaycan ərazisində rast gəlinən tamğa formaları arasında müxtəlif variasiyaları olan dairə nişanı mövcuddur. Alimlər tamğanın bu formasının günəş kultu ilə, eləcə də qədim xalqların dairə şəklində olan və qaranlıq qüvvələrdən qoruyan amuletlərlə əlaqəli olduğunu düşünürlər.
Ərazimizdəki digər tamğa formaları qeyri-bərabər uzununa yan xətləri olan şaquli düzbucaqlı və eninə formalı üfüqi oval şəkildədir. Tamğa növlərinin növbəti qrupuna üçbucaqlar, kvadratlar, xətlər və digər həndəsi formalar aiddir. Versiyalardan biri də onunla bağlıdır ki, tamğada baş verən əsaslı dəyişiklik, müəyyən bir qəbilə və tayfanın davamçısı olan nəslin öz əcdadının tamğasını mənimsəməsi və ona əlavə bir element əlavə etməsi və ya dəyişdirməsi ilə əlaqədardır. Yerli sakinlərin dediyinə görə, tamğanın həm də sehrli, qoruyucu və müqəddəs funksiyaları olduğu da güman edilir. Tamğanın zədələnməsi və ya məhv edilməsi ciddi cinayət hesab edilirdi.
Ərazimizdə tamğanın ən çox yayılmış formaları arasında, quruluşuna və Noqay tamğasına bənzər naxışına görə seçilən tamğanı ayırd etmək olar. Eyni tamğanın Qızıl Orda sikkələrində olduğunu vurğulamaq lazımdır.
Son olaraq onu da qeyd etmək lazımdır ki, tamğa ən mühüm tarixi mənbələr kateqoriyasına aiddir. Onlar mədəniyyətin nəsildən-nəslə ötürülməsi prosesində XX əsrin əvvəllərinə qədər böyük əhəmiyyət kəsb edib. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda aşkarlanmış tamğalar Türkiyə, Krım və Şimali Qafqaz, Qazaxıstan, Qırğızıstan və digər ərazilərdə tapılmış qədim türk tamğaları ilə eynilik təşkil edir.
Azərbaycan ərazisində qədim rəmzlər və ümumi nişanlar mövzusu öyrənilməyə davam edir. Genetik, xronoloji, formal-tipoloji xarakterli bir çox suallara hələ də cavab axtarılır. Bu əvəzsiz irsi qorumaq, sənədləşdirmək, sistemləşdirmək və gələcək nəsillərə ötürmək gərəkdir. Azərbaycan tamğaları türk xalqlarının mədəniyyətini, qüdrətini və əzəmətini və böyük türk tarixini bariz şəkildə əks etdirən önəmli səhifələrdən biridir.
Material tarixçi Sabit Qurbanovun tədqiqatları əsasında hazırlanıb.