Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminin iştirakçılarına məktub ünvanlayıb.
“Report”un məlumatına görə, mətndə deyilir:
“- Cənab Prezident, əziz qardaşım İlham Əliyev.
Hörmətli qonaqlar.
Sizi səmimi qəlbdən salamlayıram.
Türkiyəyə və Avropanın digər ölkələrinə Azərbaycan qazını çatdıracaq Transanadolu təbii qaz boru kəmərinə ilk qazın verilməsi münasibətilə keçirilən bu mərasimin xeyirli olmasını diləyirəm.
İstər Azərbaycan ilə ikitərəfli, istərsə də regional əməkdaşlığımız baxımından örnək bir layihə olan TANAP-ın tamamlanması hamımız üçün qürur mənbəyidir.
Bundan əvvəl uğurla həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolundan sonra TANAP da bölgənin taleyini dəyişdirəcək əhəmiyyətə malik əməkdaşlığımızın bir başqa bəhrəsidir.
TANAP-ın reallaşmasında ABŞ-ın və Avropa İttifaqının dəstəyi də əhəmiyyətli olmuşdur.
Birlikdə atdığımız addımlar bu tarixi layihənin sürətlə və problemsiz başa çatdırılmasında önəmli rol oynamışdır.
Bundan sonrakı müddətdə Avropaya yeni bir mənbədən qaz nəqlini mümkün edəcək Cənub Qaz Dəhlizinin digər layihələrinin də vaxtında başa çatdırılması mühüm əhəmiyyət daşıyır.
Bu gün TANAP boru kəmərinə ilk qazın verilməsindən sonra iyunun 12-də Əskişəhərdə böyük bir mərasimlə kəmərin açılışını edəcəyik.
Bu tarixi anın şahidi olmaq üçün sizləri də Əskişəhərdə qəbul etməkdən böyük məmnunluq duyacağıq.
Digər tərəfdən, bu il 25-ci dəfə keçirilən “Xəzər Neft və Qaz” sərgi və konfransının təşkilində əməyi olanları təbrik edir, bu mühüm tədbirin uğurlarının artmasını və davamlı olmasını diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək TANAP-ın başda Türkiyə və Azərbaycan olmaqla, bölgəmiz üçün xeyirli olmasını bir daha arzu edir, bütün iştirakçıları səmimi qəlbdən salamlayıram”.