Tanzaniyanın ən böyük şəhəri olan Dar-əs-Salamda ölkə prezidenti Con Maqufuli ilə vida mərasimi zamanı yaranmış basırıq nəticəsində 45 nəfər ölüb, daha 37 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə martın 30-da yerli The Citizen qəzeti polisin məruzəsinə istinadla məlumat yayıb. Bildirilir ki, bir çoxları vida mərasimimin keçirildiyi stadiona müəyyən edilmiş marşrutdan yayınaraq girməyə cəhd göstərib və yaranmış basırıq insanların ölümünə səbəb olub.
Ötən ilin oktyabrında yenidən prezident seçilmiş Con Maqufuli martın 17-də xəstəxanada vəfat edib. Ölümün rəsmi səbəbi ürək çatışmazlığı olsa da, qeyri-rəsmi məlumata görə, Maqufuli koronavirusa yoluxubmuş.
Con Maqufuli ilə vida mərasimi bütün Tanzaniyada altı gün ərzində keçirilib. Dar-əs-Salam stadionunda baş verən faciədən sonra hakimiyyət orqanlarının xüsusi təhlükəsizlik tədbirləri görməsi digər şəhərlərdə buna bənzər hadisələrdən yayınmağa imkan verib. Maqufuli martın 26-da doğma şəhəri Çatoda dəfn olunub.