İyunun 19-da Tbilisidə Azərbaycan Respublikası və Gürcüstan Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Gürcüstan tərəfindən isə həmin ölkənin xarici işlər nazirinin birinci müavini Laşa Darsalia rəhbərlik ediblər.
Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə olunub. İqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından Azərbaycan ilə Gürcüstan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti, Azərbaycan-Gürcüstan əməkdaşlığının regiona töhfəsinin vacibliyi vurğulanıb. Eyni zamanda, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının və regional əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Nazir müavini X.Xələfov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın Cənubi Qafqaz regionunda sülh gündəliyinin reallaşması istiqamətində səyləri və addımları barədə məlumat verib. Bu çərçivədə Gürcüstan rəhbərliyinin və hökumətinin təşəbbüslərinin yüksək qiymətləndirildiyi bildirilib. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin doğma yurdlarına qayıtması istiqamətində icra olunan layihələr, Qarabağın erməni əhalisinin Azərbaycanın hüquqi, iqtisadi və sosial mühitinə reinteqrasiyası ilə bağlı atılan addımlar və bu addımlara münasibətdə Ermənistan tərəfindən aparılan pozuculuq fəaliyyətlərini qarşı tərəfin diqqətinə çatdırıb.
Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında əməkdaşlığın əhəmiyyətinə toxunub, hər iki ölkənin səfirliklərinin fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə Azərbaycan və Gürcüstan arasında strateji xarakter daşıyan dostluq və qonşuluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.