Gürcüstanın paytaxtı Tbilisidə ölkənin Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar xarici işlər naziri David Zalkalianinin rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşə etiraz ediblər.
Aksiya iştirakçıları əllərində “Kollaborasionizm rüsvayçılıqdır” sözlərinin yazıldığı şüar tutaraq fit çalıblar.
Aksiyaçılar bildiriblər ki, görüşün gizli olması suallar doğurur. Onlar görüşün Cenevrə danışıqlar formatında deyil, təkbətək keçirilməsi və səbəblərə aydınlığın gətirilməsini tələb ediblər.
Qeyd edək ki, D.Zalkaliani və S.Lavrov arasında görüş BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İsveçrənin təşəbbüsü ilə keçirilib.